Əkinçi podcast artwork

PODCAST · education

Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

  1. 788

    Müasirlik və arxaika arasında: XX əsrdə Azərbaycan musiqi mədəniyyətində transregional təsirlər | Elmir Mirzəyev

    Bəstəkar, musiqişünas və publisist Elmir Mirzəyev Azərbaycan mədəniyyətinin unikallığının modernliklə ənənə arasında qurulan tarazlıqdan qaynaqlandığını bildirir. O, çıxışında bu tarazlığın milli musiqimizi və milli kimliyimizi necə formalaşdırdığını izah edir. Qonağımız Üzeyir Hacıbəylinin yaradıcılığını, Bakının yüksəlişini, texnoloji yeniliklərin musiqiyə təsirini, eləcə də imperiyaların, modernləşmənin və sənaye inqilabının Azərbaycan musiqi mədəniyyətində buraxdığı izləri təhlil edir.

  2. 787

    Qadın sahibkarlığı: Rifahın görünməyən mühərriki | Natavan Fırat

    United Aid for Azerbaijan (UAFA) təşkilatının biznes inkişafı meneceri Natavan Fırat deyir ki, sosial sahibkarlıq qadınlara gəlir əldə etməklə yanaşı, mənsub olduqları icmalarda müsbət dəyişikliklər yaratmaq imkanı verir. Spiker vurğulayır ki, dövlət, özəl sektor və vətəndaş cəmiyyətinin əməkdaşlığı qadınların sahibkarlığa giriş risklərini azaldır və onların uğur qazanmasına şərait yaradır. Qonağımız qeyd edir ki, iqtisadi cəhətdən müstəqil qadınlar daha dayanıqlı, sabit və firavan cəmiyyətin formalaşmasına mühüm töhfə verirlər.

  3. 786

    Uşaq ədəbiyyatı haqqında təsəvvürünüzü dəyişəcək beş fikir | Qismət Rüstəmov

    Uşaq ədəbiyyatı sadəcə uşaqları əyləndirmək üçün yazılır, yoxsa onların dünyagörüşünü formalaşdıran güclü bir vasitədir? Yazıçı Qismət Rüstəmov nağılların psixoloji təsirindən uşağın ədəbiyyatda necə təmsil olunmasına, inklüzivlikdən vizual savadlılığa qədər uşaq ədəbiyyatına baxışımızı dəyişən beş mühüm nəzəriyyədən danışır. Bu nəzəriyyələr həm böyüklərin uşaqlar üçün necə yazdığını, həm də uşaqların kitablardan nə öyrəndiyini və nə qazandığını yenidən düşünməyə çağırır.

  4. 785

    Rəqəmsal vətəndaşlıq: Müasir dövrün vacib həyat bacarığı | Ülfanə İsmayıllı

    Yeni videomuzda Ülfanə İsmayıllı rəqəmsal vətəndaşlığın nə olduğunu və onun rəqəmsal savadlılıqdan necə fərqləndiyini izah edir. Qonağımız dezinformasiya, kibertəzyiq, şəxsi məlumatların paylaşılması və onlayn təhlükəsizlik kimi mövzuların məktəblərdə müzakirəsinin əhəmiyyətindən danışır. Gələcəyin daha da rəqəmsallaşacağını vurğulayan spiker bildirir ki, məsuliyyətli və məlumatlı rəqəmsal vətəndaşların yetişdirilməsi təhsilin əsas vəzifələrindən birinə çevrilir.

  5. 784

    Süni intellekt dövründə təhsil: daha az əzbər, daha çox eksperiment | İkram Gabiyev

    Növbəti videomuz süni intellektin təhsildə yaratdığı yeni imkanlara həsr olunub. İkram Qəbiyev bildirir ki, süni intellekt mürəkkəb mövzuları şagirdlərin yaşına və qavrama səviyyəsinə uyğun şəkildə izah etməyə, eləcə də fərdiləşdirilmiş öyrənməni daha əlçatan etməyə imkan yaradır. Qonağımız vurğulayır ki, gələcəyin təhsilində əsas məqsəd hazır cavabları əzbərləmək deyil, eksperiment aparmaq, problemləri araşdırmaq və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək olmalıdır.

  6. 783

    Kibercinayət qurbanı olmamaq üçün nələri bilməliyik? | Elçin Məmmədov

    Müxtəlif hesablarımız və şəxsi məlumatlarımız rəqəmsal həyatımızın ayrılmaz hissəsinə çevrildikcə, onların təhlükəsizliyi də hər zamankından daha vacib olur. Yeni videomuzda kibertəhlükəsizlik mütəxəssisi Elçin Məmmədov insanların ən çox hansı kiber risklərlə üzləşdiyini və kibercinayətkarların insan psixologiyasından necə istifadə etdiyini izah edir. Spiker həmçinin hər bir istifadəçinin tətbiq edə biləcəyi sadə, lakin effektiv təhlükəsizlik tədbirlərindən bəhs edir.

  7. 782

    Hərbi sənayedə süni intellekt yarışı: “Hayp”, yoxsa reallıq? | Zakir Rzazadə

    Tədqiqatçı Zakir Rzazadə süni intellekt və yeni texnologiyaların hərbi müdafiə sənayesində yaratdığı dəyişikliklərdən danışır. Onun sözlərinə görə, əsasən ABŞ-da fəaliyyət göstərən süni intellekt əsaslı müdafiə startapları təkcə yeni məhsullar yaratmır, həm də gələcəyin müharibəsi haqqında təsəvvürləri formalaşdırmağa çalışırlar. Qonağımız bu çıxışında ənənəvi müdafiə sənayesi ilə yeni texnologiya şirkətləri arasındakı fərqləri, vençur kapitalının rolunu və süni intellekt ətrafında yaranan “şişirdilmiş gözləntilər” fenomenini təhlil edir.

  8. 781

    Rəqəmsal platformalarda nəyi görəcəyimizə kim qərar verir? | Pəri Abbaslı

    Sosial media platformaları hansı paylaşımların silinəcəyinə, hansılarının isə milyonlarla insana göstəriləcəyinə necə qərar verir? Süni intellekt və alqoritmlər istifadəçiləri qorumağa çalışsa da, bəzən satira, aktivizm və ictimai əhəmiyyətli mövzuların da görünməz olmasına səbəb ola bilir. Bəs təhlükəsizliklə söz azadlığı arasındakı sərhəd harada başlayır və harada bitir? Jurnalist və media tədqiqatçısı Pəri Abbaslı ilə bu videoda platforma idarəçiliyinin, kontent moderasiyasının və rəqəmsal dövrdə ifadə azadlığının gələcəyini müzakirə edirik.

  9. 780

    Qədimdən bəri bitməyən şikayət: “Ah, bu indiki gənclər…” | Yalçın İslamzadə

    “İndiki gənclər əvvəlkilərdən daha pisdir” fikri doğrudanmı həqiqətdir, yoxsa hər nəslin təkrarladığı köhnə bir stereotipdir? Təhsil eksperti Yalçın İslamzadə hesab edir ki, problemin əsas səbəbi gənclərin dəyişməsi deyil, cəmiyyətin və təhsil sisteminin dəyişən dövrün reallıqlarına uyğunlaşa bilməməsidir. Niyə gənclər özlərini anlaşılmamış hiss edirlər? Məktəb və valideynlər harada səhv edirlər? Cəza və sərt nəzarət həqiqətən nəticə verirmi? Bu barədə daha ətraflı yeni müsahibəmizdə.

  10. 779

    Süni intellektin ağıllı söhbətləri arxasında gizlənən həqiqət | Adnan Axundov

    Adnan Axundov həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə texnologiya sahəsində 25 ildən artıq təcrübəyə malikdir. Son 10 ildə fəaliyyətini süni intellekt üzərində cəmləşdirən Adnan, Münhen Texniki Universitetində süni intellekt və maşın öyrənməsi üzrə təhsil aldıqdan sonra Volkswagen-in Süni İntellekt Tədqiqat Laboratoriyasında çalışıb. Daha sonra Facebook, Instagram və WhatsApp platformalarının sahibi olan Meta şirkəti tərəfindən inkişaf etdirilən PyTorch açıq mənbəli maşın öyrənməsi platforması üzərində çalışaraq dünya miqyaslı süni intellekt infrastrukturu və tətbiqi maşın öyrənməsi sistemlərinin hazırlanmasında iştirak edib. Öz nitqində süni intellekt mühəndisi Adnan Axundov son illərdə həyatımızın bir hissəsinə çevrilən süni intellekt texnologiyalarının necə işlədiyindən danışır. O, süni intellekt sistemlərinin insan dilini necə anlamağa çalışdığını, məlumatlardan necə öyrəndiyini və niyə insan kimi görünən cavablar verdiyini izah edir. Bu video vasitəsilə maşın öyrənməsi və böyük dil modelləri kimi anlayışlarla sadə və anlaşılan formada tanış olacaqsınız.

  11. 778

    Təbii qida bazarındakı boşluqdan yaranan təşəbbüs | Maya Səbzəliyeva

    SM Fresh Oil brendinin təsisçisi Maya Səbzəliyeva öz çıxışında aldığı tibb təhsilinin və sağlam qidalanmaya olan marağının onu təbii məhsullar sahəsinə gətirməsindən danışır. Qonağımız bazarda keyfiyyətli və təzə yağ tapa bilmədiyi üçün bu məhsulları özü istehsal etməyə başladığını və zamanla bunun uğurlu biznesə çevrildiyini izah edir. Spiker həmçinin sağlam yağlar, trans yağlar və insanların qidalanma ilə bağlı yayılmış yanlış təsəvvürləri haqqında danışaraq, təbii məhsulların uzunmüddətli sağlamlıq üçün əhəmiyyətini vurğulayır. 

  12. 777

    Sahibkarlıq ruhu və bacarıqları uşaqlıqdan inkişaf etdirilə bilər | Günel Yaşar

    “Nağılçı” Uşaq Yaradıcılıq Atelyesinin və Unicorn Academy-nin təsisçisi Günel Yaşar hesab edir ki, süni intellekt dövründə uşaqların innovativ düşüncə, təşəbbüskarlıq və texnologiya bacarıqlarını erkən yaşlardan inkişaf etdirməsi vacibdir. Qonağımız vurğulayır ki, gələcəyin peşələri və iş prinsipləri sürətlə dəyişdiyi üçün uşaqların yaradıcılıq və təşəbbüskarlıq düşüncəsi ilə böyüməsi böyük üstünlüyə çevriləcək. Spikerin fikrincə, uşaqlar yalnız texnoloji alətlərdən istifadə etməyi deyil, həm də yeni ideyalar yaratmağı və dəyişən dünyaya uyğunlaşmağı bacarmalıdırlar.

  13. 776

    Məsafədən iş modeli: müvəqqəti trenddən yeni reallığa doğru | Nərmin Elçin

    Nərmin Elçin rəqəmsal marketinq sahəsində regional müştəri təmsilçisidir. Peşəkar fəaliyyəti dövründə həm ofisdən, həm də hibrid çalışma təcrübəsi olsa da, son iki ildə tam məsafədən çalışır. Yeni videomuzda qonağımız pandemiyadan sonra geniş yayılmağa başlayan məsafədən iş modelinin zamanla bir çox insan üçün prioritetə çevrilməsindən danışır. Spiker bu modelin zaman və coğrafi azadlıq, rahat iş mühiti kimi üstünlüklərindən bəhs etməklə yanaşı, onun tələb etdiyi məsuliyyət və intizamdan da söz açır.

  14. 775

    Təhsil biliyi və təcrübəni önə çəkir, bəs emosiyalarımızı idarə etmək necə? | Elmina Kazımzadə

    Təhsil psixoloqu və Bakı Dövlət Universitetinin dosenti Elmina Kazımzadə deyir ki, uşaqlara sadəcə bilik vermək kifayət deyil. Onların emosiyalarını anlamağı, stresi idarə etməyi, başqalarının fikirlərinə və hisslərinə hörmət etməyi öyrənməsi ən azı akademik təhsil qədər önəmlidir. Spikerin fikrincə, bu məsuliyyət yalnız məktəb psixoloqlarının deyil, müəllimlərin və valideynlərin də üzərinə düşür. O vurğulayır ki, uşaqlara hazır cavablar vermək yox, düşünmək və seçim etmək fürsəti yaratmaq daha vacibdir.

  15. 774

    Yazı bacarığı olmayan cəmiyyət tərəqqidən geri qalır | Günel Kərimova

    ADA Universitetinin müəllimi Günel Kərimova yeni videomuzda akademik yazının əhəmiyyəti və kölgə yazarlığı probleminə toxunub. Spiker deyir ki, son illərdə sosial media vasitəsilə akademik yazı xidmətlərinin sayının artması, o cümlədən süni intellektdən bu sahədə fəal istifadə olunması akademik yazı bacarıqlarının zəifləməsinə səbəb olur. Qonağımız vurğulayır ki, akademik yazı yalnız qiymət almaq vasitəsi deyil, düşünməyi, arqument qurmağı və öz fikirlərini ifadə etməyi öyrədən bir prosesdir.

  16. 773

    Gözəllik tələsi: Niyə hamı eyni görünməyə çalışır? | Lalə Kişiyeva

    Media mütəxəssisi Lalə Kişiyeva ilə yeni videomuzu sosial medianın və gözəllik sənayesinin necə yeni gözəllik standartları formalaşdırdığına həsr etmişik. Qonağımız müxtəlif tətbiqlərin, alqoritmlərin və davamlı müqayisənin insanların psixologiyasına təsiri haqqında danışıb. Spiker vurğulayır ki, sosial media vasitəsilə bu cür gözəllik standartlarının geniş təşviq olunması yeniyetmələrdə özgüvən problemləri yaradır. O əlavə edir ki, şirkətlərin “özünə qayğı” mesajı altında insanlara əlçatmaz standartlar aşılamaq cəhdi problemi daha da dərinləşdirir.

  17. 772

    Just Bread: Sağlam çörəklə başlayan biznes hekayəsi | Fidan Axundova

    Just Bread çörək evinin həmtəsisçisi Fidan Axundova sağlam qida ideyasının necə real biznesə çevrildiyini izah edir. O, Bakıda keyfiyyətli və faydalı çörək çatışmazlığını görərək bu sahədə dərin biliklər əldə etdiklərini və hər şeyi sıfırdan qurduqlarını qeyd edir. Bu hekayədə kiçik bir ideyanın necə isti icmaya çevrildiyini, müştərilərlə qurulan etibarın gücünü görəcəksiniz. Qayğı və dəyərlər üzərində qurulan bu biznes barədə daha çox öyrənmək üçün yeni videomuzu izləyin.

  18. 771

    Xaricdə təhsil: akademik uğur və kölgədə qalan sosial bacarıqlar | Anar Vəliyev

    ADA Universitetinin dosenti Anar Vəliyev ölkədə uşaqlarını xaricdə oxutmaq istəyən valideynlərin sayının artmasından və onların əsasən akademik hazırlığa fokuslanaraq uşaqların xaricdə müstəqil həyata hazırlığını diqqətdən kənarda qoymalarından danışır. Spiker qeyd edir ki, bu səbəbdən bir çox gənc xaricdə təhsil almaq imkanı əldə etsə də, həyat bacarıqları yetərli olmadığı üçün müxtəlif çətinliklərlə üzləşir. Anar Vəliyev vurğulayır ki, təhsil yalnız diplom demək deyil, eyni zamanda insanın yetkinləşməsi və formalaşması prosesidir.

  19. 770

    Sənətin özünüifadə və düşüncənin formalaşmasındakı rolu | Soltan Soltanlı

    Rəssam Soltan Soltanlı sənəti həm şəxsi çağırış, həm də ictimai məsuliyyət kimi dəyərləndirir. Gənc yaşlarından rəssamlığa bağlı qalan və öz yaradıcılıq yolunu müstəqil şəkildə formalaşdıran spiker vurğulayır ki, sənətdə ən vacib məsələ orijinallıqdır və hər bir sənətkar öz üslubunu, öz baxışını yaratmalıdır.  Qonağımız qeyd edir ki, ciddi sənət davamlı dövlət və ictimai dəstək olmadan inkişaf edə bilməz.

  20. 769

    Təbiətin gücü: kəşf edərək öyrənmək | Pəri Osmanova

    Məktəbəqədər təhsil mütəxəssisi Pəri Osmanova uşaqların öyrənmə prosesində təbiətin rolundan danışır. O deyir ki, öyrənmək yalnız sinif otağı ilə məhdudlaşmır və təbiət uşaqlar üçün ən güclü resurslardan biridir. Spikerin fikrincə, yağışa toxunmaq, torpağın qoxusunu hiss etmək, qarışqaları izləmək kimi sadə təcrübələr uşaqlarda yaradıcılığı, səbr və problem həll etmə bacarığını inkişaf etdirir. Pəri Osmanova vurğulayır ki, biz uşaqlara hər şeyi öyrədə bilmərik, amma onlara öyrənməyi öyrədə bilərik. Bunun üçün isə uşağa kəşf etmək imkanı vermək vacibdir.

  21. 768

    Dronlar müharibələri necə dəyişdi? | Zakir Rzazadə

    Tədqiqatçı Zakir Rzazadə müasir döyüşlərdə dron texnologiyasının artan rolunu və “dron inqilabı” anlayışının nə dərəcədə əsaslı olduğunu analiz edir. Qonağımız bildirir ki, dronlar həm əlçatanlıq, həm də ucuzluq baxımından müharibənin dinamikasını dəyişsə də, bu dəyişikliklər bəzən şişirdilmiş şəkildə təqdim olunur. Dronların effektivliyinin zamanla dəyişdiyini və qarşı tərəfin bu təhdidlərə uyğunlaşdığını deyən qonağımız əlavə edir ki, dron istifadəsində əsas dönüş nöqtəsi texnoloji deyil, daha çox iqtisadi məntiqdədir.

  22. 767

    İnfluenserlər jurnalist kimi: məsuliyyət harada başlayır və harada bitir? | Pəri Abbaslı

    İnfluenserlər ictimai fikrə necə təsir edir və bu güc onlara hansı məsuliyyətləri yükləyir? Jurnalist və media tədqiqatçısı Pəri Abbaslı bizimlə söhbətində bu sualları təhlil edir.  O vurğulayır ki, sosial media platformalarında böyük auditoriyaya sahib olmaq jurnalist olmaq demək deyil. Belə ki, jurnalistika peşəkar standartlar, redaksiya nəzarəti və fakt yoxlama mexanizmlərinə əsaslanır. Bununla belə, influnserlərin təsir gücü danılmazdır və bu, onlardan daha məsuliyyətli davranış tələb edir. 

  23. 766

    Şəhərlər və iqlim böhranı: artan yük və çıxış yolları | Rövşən Abbasov

    Ətraf mühit eksperti Rövşən Abbasovla şəhərləşmə, iqlim dəyişmələri və urban həyatın yaratdığı çoxşaxəli təsirlər haqqında danışdıq. O, çıxışında dünya əhalisinin böyük hissəsinin şəhərlərdə yaşamasının və istehlakın əsasən burada cəmlənməsinin şəhərləri istixana qazlarının, çirklənmənin və iqlim dəyişmələrinin əsas mənbəyinə çevirdiyini izah edir. Spiker qeyd edir ki, plansız urbanizasiya, gecəqondulaşma və resurs çatışmazlığı bu problemləri daha da dərinləşdirir. Qonağımız güclü planlaşdırma, səmərəli nəqliyyat, yaşıl ərazilər, effektiv tullantı idarəçiliyi və keyfiyyətli su təminatının əhəmiyyətini vurğulayır.

  24. 765

    Niyə innovativ gənclər ölkəni tərk etməyə meyllidir? | Yalçın İslamzadə

    Təhsil eksperti Yalçın İslamzadə ilə Azərbaycanda innovasiyanın niyə ləng getdiyi haqqında danışdıq. O, çıxışında dəyişiklikdən qorxunun, keçmişə həddindən artıq bağlılığın və zəif institutların gənc potensialı necə məhdudlaşdırdığını vurğulayır. Spiker əlavə edir ki, təhsil sistemində əzbərçiliyin üstünlük təşkil etməsi tənqidi düşüncənin formalaşmasına mane olur. Qonağımızın fikrincə, çıxış yolu nəticəyə əsaslanan yanaşma, güclü mühit və qlobal düşüncəyə açıq olmaqdan keçir.

  25. 764

    Gənc alimlərin çətinlikləri: mühit və resurs çatışmazlığı | Murad Mir-Zadə

    Milan Politexnik Universitetinin doktorantı Murad Mir-Zadə Azərbaycanda gənc tədqiqatçılar üçün elmi gündəliyin əsas istiqamətləri haqqında öz müşahidələrini bölüşür. O, universitetlərin qlobal müstəvidə rəqabətə diqqət ayırması ilə yanaşı, yerli elmi icma üçün uyğun mühitin formalaşdırılmasının vacibliyini vurğulayır. Qonağımız qeyd edir ki, tədqiqat yoluna çıxan gənc alimlər yüksək hədəflərə baxmayaraq, çox vaxt praktiki dəstəyin çatışmazlığı ilə üzləşirlər. Nəticədə, resurslara və imkanlara çıxışın məhdudluğu alimlərin potensial töhfələrinin ləngiməsinə səbəb olur.

  26. 763

    Regionlarda yaradıcı gənclər: çətinliklər və fürsətlər | Kafiyə Eyvazova

    Rəssam Kafiyə Eyvazova regionlarda yaşayan yaradıcı gənclərin üzləşdiyi problemlərə işıq salır. O qeyd edir ki, erkən yaşlardan istedad göstərsələr də, imkanların, rol modellərinin və düzgün istiqamətləndirmənin çatışmazlığı onların inkişafını məhdudlaşdırır. Akademik təhsil imkanlarının azlığı, incəsənət məkanlarının və sərgilərin olmaması, eləcə də incəsənətə qeyri-ciddi peşə kimi yanaşma gənclərin bu sahədən uzaqlaşmasına səbəb olur. Təhsil alanların bölgələrdə iş tapa bilməməsi isə onların paytaxta yönəlməsi ilə nəticələnir. 

  27. 762

    Kouçluq peşəsi və bazardakı yanlış təsəvvürlər | Leyla Surxayzadə

    Son illərdə tez-tez adı çəkilən kouçluq anlayışı bu sahə ilə bağlı müxtəlif və bəzən də yanlış təsəvvürlərin geniş yayılmasına səbəb olub. Erickson Coaching Azərbaycan təmsilçisi Leyla Surxayzadə ilə söhbətimiz izləyicilərə kouçluğun nə olduğunu və necə işlədiyini anlamağa kömək edir. Qonağımız Azərbaycanda bu sahədə qeyri-peşəkar yanaşmaların geniş yayıldığını və düzgün kouçu seçməyin vacibliyini vurğulayır. O, həmçinin kouçluğun psixologiya, mentorluq və motivasiya ilə fərqlərini aydın və konkret nümunələrlə izah edir.

  28. 761

    Valideynin uşağın təhsilində iştirakının vacibliyi və reallıqlar | Ülviyyə Mikayılova

    Təhsil mütəxəssisi Ulviyyə Mikayılova deyir ki, pedaqogikada valideyn uşağın ilk müəllimi hesab olunur, lakin bu rolu yerinə yetirmək üçün cəmiyyətimizdə kifayət qədər dəstək yoxdur. Qonağımız bildirir ki, araşdırmalar valideynlərlə ünsiyyətin və birgə vaxt keçirməyin uşaqların təhsil nəticələrinə ciddi təsir etdiyini göstərir. Təhsil mütəxəssisinin sözlərinə görə, Azərbaycan ailə modeli dəyişir və bu dəyişiklik məktəb və ailə əməkdaşlığının yeni formalarını tələb edir. O vurğulayır ki, uşaqların uğurlu inkişafı üçün məktəb və ailə arasında daha güclü dialoq və əməkdaşlıq qurulmalıdır.

  29. 760

    Çörək həqiqətən sağlamlığa zərərlidirmi? | Lalə Yaqubova

    Çörəyin sağlamlığa zərər verdiyi və rasiondan çıxarılmalı olduğu barədə tövsiyələrə tez-tez rast gəlirik. Dietoloq Lalə Yaqubova qeyd edir ki, bu cür yanaşmalar hər zaman elmi və praktik əsaslara söykənmir və problemi yalnız bir qidanın üzərinə yükləmək doğru deyil. Qonağımızın sözlərinə görə, həkimlər daha çox ümumi həyat tərzinə və balanslı qidalanmaya diqqət yetirməyi tövsiyə edirlər. O əlavə edir ki, orqanizmin əsas enerji mənbələrindən biri karbohidratlardır və bədənin ehtiyaclarını qarşılamaq üçün onları balanslı şəkildə, xüsusilə də taxıl məhsullarından əldə etmək vacibdir.

  30. 759

    Azərbaycanda moda sənayesinin potensialı | Könül Quliyeva

    Chenille Fashion School-un qurucusu Könül Quliyeva Azərbaycanda moda təhsilinin problemləri və bu sahənin gələcək potensialı haqqında danışır. O qeyd edir ki, ölkədə istedadlı və kreativ gənclər çoxdur, lakin əsas məsələ bu yaradıcılığı peşəyə çevirmək üçün sistem qurmaqdır. Qonağımız həmçinin dizaynerlərin təkcə yaradan deyil, həm də iqtisadi qərarlar verən mütəxəssislər olmasının vacibliyini vurğulayır və əlavə edir ki, təhsil, istehsal və bazar arasında güclü əlaqə qurulsa, Azərbaycan moda sahəsində regional mərkəzə çevrilə bilər.

  31. 758

    Millətçilik təhlükəlidirmi? | İsmayıl Zeynallı

    Milliyyət Araşdırmalar Mərkəzinin direktoru İsmayıl Zeynallı ilə millətçilik haqqında yayılmış təsəvvürlər mövzusunda danışdıq. Qonağımız qeyd edir ki, 20-ci əsrdə millətçilik zəminində baş vermiş müharibələr nümunə kimi göstərildikdə, həmin müharibələrin digər mühüm amilləri olan siyasi manipulyasiya, revanşizm və təbii resurslar uğrunda mübarizə əksər hallarda diqqətdən kənarda qalır. Eyni zamanda, Zeynallı vurğulayır ki, son əsrdə millətçiliyin demokratik inkişafa, sosial rifahın güclənməsinə və kollektiv məsuliyyət hissinin formalaşmasına töhfə verdiyini göstərən müsbət nümunələr də az deyil.

  32. 757

    Məhəmmədəli İbrahimli Təqaüd Proqramı | Ziya Kazımzadə

    Məhəmmədəli İbrahimli Təqaüd Proqramı azərbaycanlı gənclər üçün xaricdə təhsil imkanlarının azlığı səbəbindən yaranmış boşluğu qismən doldurmağı hədəfləyir. Proqram şəhid Məhəmmədəli İbrahimlinin dostları tərəfindən həm onun xatirəsini yaşatmaq, həm də Azərbaycanın inkişafına töhfə vermək məqsədilə təsis edilib. Proqramın nümayəndəsi Ziya Kazımzadə qeyd edir ki, niyyətləri yalnız bu təqaüdü böyütmək deyil, ümumilikdə ölkədə daha çox təqaüd təşəbbüsünün yaranmasına və gənclərin təhsil imkanlarının genişlənməsinə töhfə verməkdir.

  33. 756

    Məktəbdə sosial-emosional mühit niyə vacibdir? | Elmina Kazımzadə

    Təhsil psixoloqu və Bakı Dövlət Univetsitetinin dosenti Elmina Kazımzadə deyir ki, öyrənmənin keyfiyyəti bir qrup şagirdin müvəffəqiyyəti ilə deyil, məktəbdə hər kəsin faydalanacağı emosional və sosial iqlimdən asılıdır. Qonağımız vurğulayır ki, məktəb iqlimi gündəlik münasibətlərdə, ünsiyyət tərzində və liderliyin yaratdığı atmosferdə özünü göstərir. O əlavə edir ki, bu cür mühitin formalaşmasında və davamlı olmasında mühüm rol oynayan sosial-emosional bacarıqların inkişaf etdirilməsi bütün məktəb icmasının və müəllim hazırlığının ayrılmaz hissəsi olmalıdır.

  34. 755

    Erkən yaşlarda qidalanma, hərəkət və sağlam vərdişlər | Nilufər Mehdiyeva

    Pedaqoq, uşaq inkişaf mütəxəssisi Nilufər Mehdiyeva deyir ki, valideynlər tez-tez uşağın çox yeməsini sağlamlıq göstəricisi kimi qəbul edirlər, halbuki vacib olan qidanın keyfiyyəti və düzgün qidalanma vərdişləridir; bunlar isə çox vaxt arxa planda qalır. Spikerin sözlərinə görə, valideynlər fast food, qazlı içkilər və paketlənmiş məhsulların uşağın inkişafına mənfi təsirini bilsələr də, əməldə övladlarını bu cür qidalanma vərdişlərindən uzaq saxlamaqda çətinlik çəkirlər. Qonağımız vurğulayır ki, ekranlardan uzaq süfrə mədəniyyəti yaratmaq çox önəmlidir.

  35. 754

    Niyə yalan həqiqətdən daha sürətlə yayılır? | Pəri Abbaslı

    Araşdırmalar göstərir ki, emosiyalarımıza toxunan və təşviş yaradan məzmunlar faktlara əsaslanan məlumatlardan dəfələrlə daha tez paylaşılır. Jurnalist və media tədqiqatçısı Pəri Abbaslı deyir ki, nəticədə alqoritmlər həqiqətə əsaslanan məzmuna deyil, insanların həssas hisslərinə toxunaraq onları reaksiya verməyə təhrik edən paylaşımlara üstünlük verir. Qonağımız vurğulayır ki, təkrar olunan yalan zamanla “həqiqət” təsiri yarada bilər, təsdiq qərəzi isə bizi sual vermədən inanmağa sövq edir.

  36. 753

    Media və reklam mesajlarında əlçatanlığın əhəmiyyəti | Əliyar Hüseynov

    Reklamda əlçatanlıq mövzusunun diqqətdən kənarda qaldığını deyən Əliyar Hüseynov vurğulayır ki, görmə və eşitmə məhdudiyyətli insanlar üçün məzmuna bərabər çıxış sosial inklüzivlik, informasiya hüququ və məsuliyyətli brend davranışının ayrılmaz hissəsidir. Subtitrlər, səs təsviri, işarə dili, oxunaqlı dizayn və inklüziv qablaşdırma kimi yanaşmalar brendlərə etimadı gücləndirməyə və beynəlxalq standartlara uyğunlaşmağa imkan verir. Qonağımız əlavə edir ki, ölkədə əlçatan reklamın tətbiqi üçün təşviq mexanizmləri, texniki imkanlar və məlumatlılıq azdır.

  37. 752

    Turizmdə insan kapitalının rolu | Vəfa Kərəmova

    Turizm və hotel idarəçiliyi üzrə mütəxəssis Vəfa Kərəmova bildirir ki, turizm Azərbaycanda məşğulluğu dəstəkləyən və regionların inkişafına birbaşa təsir göstərən mühüm sahəyə çevrilə bilər. Lakin o əlavə edir ki, sahənin rəqabət qabiliyyəti xidmət keyfiyyəti, innovasiya və planlı kadr inkişafından asılıdır. Qonağımız vurğulayır ki, yerli mütəxəssislərin rolunun artmasına baxmayaraq, gələcək inkişaf üçün sistemli təlimlərə, yenidən ixtisaslaşmaya və insan kapitalına investisiyaya ehtiyac qalır. Bu səbəbdən milli xidmət standartlarının və koordinasiyalı təlimlərin gücləndirilməsi Azərbaycanın turizm sahəsinin ehtiyac duyulan səviyyədə olması üçün olduqca önəmlidir.

  38. 751

    Səhiyyə menecmentinin önəmi | Fəqan Həsənzadə

    Səhiyyə menecmenti üzrə doktorant və Universal Hospitalın direktoru Fəqan Həsənzadə bildirir ki, güclü səhiyyə yalnız peşəkar həkimlərlə deyil, düzgün qərar verən və məsuliyyət daşıyan idarəetmə ilə qurulur. Qonağımız vurğulayır ki, müasir dövrdə data təhlili, planlama və kompleks idarəetmə yanaşmaları səhiyyə idarəçiliyinin ayrılmaz hissəsinə çevrildikcə, səhiyyə menecerlərinin maliyyə, statistika və etik yanaşmanı birləşdirən çoxşaxəli biliklərə malik olması zəruri olur. Bu çıxış gələcəyin səhiyyə sistemini formalaşdıracaq görünməyən liderlərin roluna diqqət çəkməyə dəvət edir.

  39. 750

    Tarixi irsin qorunması ilə müasir inkişaf arasında balans | Murad Mir-Zadə

    Memar Murad Mir-Zadə deyir ki, tarixi irsin qorunması ilə müasir inkişaf bir-birinə zidd deyil, əksinə, şəhərin gələcəyini formalaşdıran paralel proseslərdir. Qonağımız çıxışında Paris, Venesiya, İstanbul, Kopenhagen, Dubay və Bakı nümunələri üzərindən həm nəzarətsiz modernləşmənin, həm də şəhərlərin “yaşayan muzeyə” çevrilməsinin risklərini ortaya qoyur. Bu müsahibə sizi şəhərlərin öz kimliyini və davamlılığını itirmədən keçmişlə gələcək arasında necə körpü qura biləcəyinə dair düşünməyə vadar edəcək.

  40. 749

    Rəqəmsal medianın gender müzakirələrində rolu | Vəfa Əli

    Sosial şəbəkələrin ictimai müzakirələrin aparıcı məkanına çevrilməsinin gender normalarına necə təsir etdiyindən danışan gender və media üzrə araşdırmaçı Vəfa Əli vurğulayır ki, medianı cəmiyyətin sadəcə güzgüsü kimi təqdim etmək onun gender təsəvvürlərini müəyyənləşdirmək gücünü görməzdən gəlmək deməkdir. Qonağımız qeyd edir ki, rəqəmsal platformalar sayəsində yaranan #MeToo kimi hərəkatlar görünürlüyü artırsa da, alqoritmlər və ənənəvi narrativlər hələ də dominant baxışları gücləndirir, alternativ səsləri isə məhdudlaşdırır.

  41. 748

    Sosial sahibkarlığın inkişafında formal və qeyri-formal institutların rolu | Turan Nağıyeva

    Sosial sahibkarlıq cəmiyyətdə həqiqi dəyişiklik yarada bilərmi? Stratklayd Universiteti doktorantı Turan Nağıyeva çıxışında sosial sahibkarlığın icmalar, mədəniyyət və institutlarla necə sıx bağlı olduğunu izah edir. Qonağımız formal və qeyri-formal institutların sosial təşəbbüslərin uğurunda oynadığı həlledici rola diqqət çəkir. Bu çıxış sosial dəyərin necə müəyyən olunduğunu və niyə təkcə iqtisadi həllərin kifayət etmədiyini anlamaq üçün vacib baxış bucağı təqdim edir.

  42. 747

    Səhnə və texnologiya: İnsan, maşın və təxəyyül | Aynur Zərrintac

    Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının təsisçisi və rejissor Aynur Zərrintac interaktiv medianın müasir teatrı necə transformasiya etdiyini öz təcrübələri əsasında izah edir. Qonağımız qeyd edir ki, texnologiyanın teatra cəlb edilməsi tamaşaçının passiv izləyicidən prosesin bir hissəsinə çevrilməsi üçün geniş imkanlar yaradır. Bununla yanaşı, Zərrintac əldə edilən yeni imkanlarla bərabər etik dilemmaların fərqində olmağı, eləcə də sənət və tamaşaçı qarşısında məsuliyyəti unutmamağı olduqca vacib hesab edir.

  43. 746

    Xaricdə təhsil: miflər, reallıqlar və gənclərin buraxdığı səhvlər | Jalə Ələkbərova

    Jalə Ələkbərova çıxışında gənclərə xaricdə təhsilə status və ya qaçış yolu kimi baxmağı dayandırmağı tövsiyə edir. Qonağımız vurğulayır ki, bu qərar emosiyalar və sosial medianın təsiri ilə deyil, rasional və strateji düşüncə əsasında verilməlidir. Uzun illər gənclərlə çalışaraq əldə etdiyi müşahidələrə əsaslanan Ələkbərova bildirir ki, bir çox gənc xaricdə təhsil almaq istəyir, lakin bu istəyin səbəblərini və onun uzunmüddətli məqsədlərlə necə əlaqələndiyini aydın şəkildə müəyyənləşdirmir.

  44. 745

    Ədəbiyyatı necə öyrətməliyik? | Ramil Əhməd

    Ramil Əhməd ədəbiyyatın nə olduğu barədə təsəvvürlərimizin onun necə tədris olunmasına birbaşa təsir etməsindən danışır. Qonağumuz bildirir ki, xüsusilə məktəb proqramlarında hakim olan dar yanaşmalar şagirdlərin təxəyyülünü və tənqidi düşünmə qabiliyyətini məhdudlaşdırır. Ramil Əhməd həmçinin vurğulayır ki, ədəbiyyat bu gün tez-tez cansıxıcı və aktuallığını itirmiş bir fənn kimi qəbul olunur. Məhz buna görə də o, ədəbiyyat tədrisinin daha canlı, açıq və dinamik bir prosesə çevrilməsini təklif edir.

  45. 744

    Kino sənayesində süni zəka | Hacı Səfərov

    Süni intellekt son bir neçə ildə müxtəlif istiqamətlərdə gündəlik fəaliyyətin ayrılmaz hissəsinə çevrilib. Yaradıcı sahələrdə bu alətlərin tətbiqi prosesin məntiqli davamı kimi görünsə də, onlara qarşı müqavimət hələ də kifayət qədər güclüdür. Kinotənqidçi Hacı Səfərovla müsahibədə süni intellektin yaradıcı sənayenin lokomotivi sayılan kinoya təsiri, eləcə də doğurduğu yaradıcı və etik suallar barədə söhbət etdik. Qonağımız bildirir ki, bu mövzuya birmənalı müsbət və ya mənfi yanaşmaq doğru deyil, əsas məsələ süni intellekt alətlərindən məsuliyyətli şəkildə istifadə etməkdir.

  46. 743

    Keyfiyyəti şübhə doğuran elmi məqalələr | Anar Vəliyev

    ADA Universitetinin dosenti Anar Vəliyev çıxışında qlobal miqyasda universitetlər arasında reytinq rəqabətinin necə yanlış istiqamət aldığını izah edir. Qonağımızın sözlərinə görə, reytinqləri yüksəltmək cəhdi bir çox ali məktəbdə elmi keyfiyyətdən çox, elmi məqalə sayının artırılmasına fokuslanmağa səbəb olub. Bu boşluğu fürsətə çevirən şirkətlər isə bu məqalələrin standartlardan kənar şəkildə, sürətli və kütləvi nəşrini təklif etməyə başlayıblar. Nəticədə elmi dəyəri zəif olan, aşağı keyfiyyətli elmi məqalələrin sayı sürətlə artıb.

  47. 742

    ABŞ-Avropa münasibətləri və NATO-nun böhranı | Rəşad Şirin

    Radboud Universiteti (Niderland) araşdırmaçısı Rəşad Şirin hesab edir ki, ABŞ-Avropa münasibətlərində mövcud gərginliklərin əsas səbəbi NATO-nun rolunda yaranmış böhrandır.  Qonağımızın sözlərinə görə, Sovet İttifaqı dağıldıqdan sonra NATO-nun mövcudluq məqsədi ilə bağlı suallar, o cümlədən üzv ölkələrin müdafiə xərclərindəki fərqlər uzun illərdir mübahisə mövzusu olub. Xarici siyasətdə təcridçiliyə meylli olan hazırkı ABŞ administrasiyasının hakimiyyəti dövründə isə bu fikir ayrılıqları daha da kəskinləşib.

  48. 741

    Kiçik bizneslər və sosial media | Lalə Kişiyeva

    Yeni videomuzda media mütəxəssisi Lalə Kişiyeva sosial medianın kiçik bizneslər üçün necə dönüş nöqtəsinə çevrildiyini izah edir. Onun fikrincə, sosial media böyük büdcələr olmadan bazara daxil olmağa və müştərilərlə birbaşa ünsiyyət qurmağa imkan verir. Bu, yalnız satış deyil, uzunmüddətli münasibət qurmaq deməkdir.  Qonağımız vurğulayır ki, uğurlu sosial media strategiyası auditoriyanı tanımaqdan başlayır: kimin üçün danışırıq, onların ehtiyac və dəyərləri nədir. Bu məlumatlar əsasında vizual üslub və mesajlar davamlı olmalıdır ki, brend tanına bilsin. 

  49. 740

    Tibb bacısı/qardaşı peşəsi haqda bilməli olduqlarımız | Dr. Gülşah Ünsal Jafarov

    Bizim söhbət zamanı Dr. Gülşah Ünsal Jafarov deyir ki, çoxları hələ də tibb bacılarını və tibb qardaşlarını yalnız iynə vuran, qan götürən, göstəriciləri ölçən və ya cərraha alət ötürən köməkçi kimi təsəvvür edir. Halbuki tibb bacılığı dərin nəzəri bilik, elmi yanaşma, klinik düşüncə və yüksək peşəkarlıq tələb edən mürəkkəb bir sahədir. Qonağımız vurğulayır ki, bu peşəyə təkcə təcrübə ilə yiyələnmək mümkün deyil; onun əsasında akademik hazırlıq və elmi bilik dayanır. Elə buna görə də müxtəlif ölkələrdə olduğu kimi, Azərbaycanda da bu ixtisas artıq universitet səviyyəsində tədris olunur.

  50. 739

    “Təhsil üçün əl-ələ” layihəsi | Şəbnəm Məmmədli

    Britaniya universitetlərinin məzunları tərəfindən həyata keçirilən “Təhsil üçün əl-ələ” təşəbbüsü artıq 9 ildir ki, ucqar məktəblərə səfər edərək şagirdlərə gələcək ixtisas və peşə seçimində yardım etməyə çalışır. “Təhsil üçün əl-ələ” könüllüləri Elm və Təhsil Nazirliyinin və Britaniya səfirliyinin dəstəyi ilə 46 rayon üzrə 60-dan çox məktəbə baş çəkib, ümumilikdə 3,000-dən çox şagirdlə görüşüblər. Bu təşəbbüsün missiyası, nailiyyətləri və gələcək planları haqqında daha ətraflı məlumatı təşəbbüsün koordinatoru Şəbnəm Məmmədli ilə çəkilişimizi izləyərək əldə edə bilərsiniz.

Type above to search every episode's transcript for a word or phrase. Matches are scoped to this podcast.

Searching…

We're indexing this podcast's transcripts for the first time — this can take a minute or two. We'll show results as soon as they're ready.

No matches for "" in this podcast's transcripts.

Showing of matches

No topics indexed yet for this podcast.

Loading reviews...

ABOUT THIS SHOW

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

HOSTED BY

akinchi

CATEGORIES

Frequently Asked Questions

How many episodes does Əkinçi have?

Əkinçi currently has 50 episodes available on PodParley. New episodes are automatically indexed when they're published to the podcast feed.

What is Əkinçi about?

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

How often does Əkinçi release new episodes?

Əkinçi has 50 episodes. Check the episode list to see recent publication dates and frequency.

Where can I listen to Əkinçi?

You can listen to Əkinçi on PodParley by clicking any episode. We provide an embedded audio player for direct listening, and you can also subscribe via your preferred podcast app using the RSS feed.

Who hosts Əkinçi?

Əkinçi is created and hosted by akinchi.
URL copied to clipboard!